Birləşmiş Millətlər Təşkilatının tərəfdaşı olan İnsan hüquqlarının müdafiəsi komissarlığının general-leytenantı Firdovsi Ələkbərovun ideyası və təşəbbüsü ilə “Turan dünyası” adlı kitabın təqdimat mərasimi baş tutub.
Kitabda türk dünyasının ortaq tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri, türk xalqlarının ortaq kökləri, dil birliyi və geosiyasi əməkdaşlıq imkanları geniş şəkildə təhlil edilib.
Tədbirdə Ukrayna Respublikası səfirliyinin Azərbaycandakı nümayəndəsi Emir Rüstəmov, Türkmənistanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Sultan Akilov, Turan Elmlər Akademiyasının vitse-prezidenti, professor Sabir Tağıyev, Dədə Qorqud Fondunun prezidenti Eldar İsmayılov, Adam Xeyriyyəçilər Assosiasiyasının prezidenti Nicat Əsgərov, Turan musiqi qrupunun Bakıdakı nümayəndəliyinin rəhbəri, bəstəkar Nizami Əsgərov, Turan musiqi qrupunun təsisçisi, direktor Elşad Ələkbərov və digər ictimai-siyasi xadimlər, elm və mədəniyyət adamları, tarixçilər çıxış ediblər.
Çıxış edənlər “Turan dünyası” kitabını türk dünyasının ortaq gələcəyi naminə atılan növbəti addım kimi qiymətləndiriblər. Qeyd olunub ki, bu cür nəşrlər türk xalqları arasında mədəni və tarixi bağların daha da möhkəmlənməsinə, ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra media nümayəndələrinə kitab haqqında ətraflı məlumat verilib. Sonda iştirakçıların xatirə fotosu çəkilib.





